Məzmuna keç

Badolato

Vikipediya, azad ensiklopediya
Şəhər
Badolato
Badolatoya panorama
Badolatoya panorama
38°34′ şm. e. 16°32′ ş. u.HGYO
Ölkə İtaliya
Tabeliyində Badolato Marina
Əyalət Kalabriya
Qraflıq Katansaro
Tarixi və coğrafiyası
Sahəsi 34,1 km²
Mərkəzin hündürlüyü 240 ± 1 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 3.152 nəfər (2013)
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 0967
Poçt indeksi 88061
Nəqliyyat kodu CZ
Digər
comune.badolato.cz.it
Xəritəni göstər/gizlə
Badolato xəritədə
Badolato
Badolato
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Badolato (Siciliya dilində Badulatu) — İtaliyanın Kalabriya regionunda, Katansaro əyalətində yerləşən şəhər və bələdiyyədir. 2013-cü ildə əhalisi 3.152 nəfər idi.[1] Badolato İtaliyanın ən gözəl kəndləri assosiasiyasına daxildir.[2] 2024-cü ilin aprelində milli RAI televiziya serialında, İtaliyanın ikinci ən gözəl kəndi seçilmişdir.

Badolato kəndi Katansarodan 30 km məsafədə, İon dənizi sahilinin yaxınlığında yerləşir. Dəniz səviyyəsindən təxminən 240 metr yüksəklikdə yerləşən Badolatoda, Bizans kilsələri Latın xaçı formasında düzülmüşdür və orta əsr şəhərləri üçün səciyyəvi olan çoxsaylı dar küçələr qorunub saxlanılmışdır. Badolato Kalabriya dağ silsiləsinin, İon dənizinə baxan hissəsində yerləşən kənd təsərrüfatı mərkəzidir. Şəhər Müqəddəs Nikolay dağının şimal-qərb yamaclarında, aşağıda sahil düzənliyinə açılan iki vadinin arasındakı çıxıntı üzərində yerləşir. Dəmir yolu stansiyasının yuxarısında, SS106 İonika dövlət avtomobil yolunun üzərində Badolato Marina yerləşir.[3]

Neapol krallığının Anjevinlər dövründə Badolato Katansaro qrafı Pyetro Ruffodan yerli feodalların nəzarətinə keçdi. 1454-cü ildə Badolato Toraldo ailəsinin baronluğuna çevrildi və 1596-cı ilə qədər onların hakimiyyətində qaldı. Həmin il şəhər Ravaşyerilərin, 1658-ci ildə Pinelli və Qalelli ailələrinin, 1779-cu ildən isə Belmonte Pinyatellilərinin hakimiyyətinə keçdi. 1806-cı ilə qədər Pinyatellilər Badolatoya sahib oldular. Şəhər 1640, 1659 və 1783-cü il Kalabriya zəlzələləri nəticəsində ciddi zərər gördü. 1951-ci ildə isə burada güclü daşqın baş verdi.

Görməli yerləri

[redaktə | vikimətni redaktə et]

XVII əsrə aid olduğu ehtimal edilən Ravaşyerilər qalasının ətraf divarlarının qalıqları bu gün də mövcuddur. Eyniadlı kənddə yerləşən Müqəddəs İsidoro kilsəsində Bizans freskalarının izləri qorunub saxlanılmışdır. Müqəddəs Andrea Avellino kilsəsində müqəddəs Andrea və Müqəddəs Fransisk Paolalıya həsr olunmuş iki taxta büst, həmçinin XVII və XVIII əsrlərə aid qiymətli dini əşyalar saxlanılır.

Müqəddəs Katerina kilsəsində XV–XVI əsrlərə aid bəzəkli mehrab və Məryəm ilə körpə İsanı təsvir edən tablo yerləşir. Reformasiyaçılar kilsəsində 1644-cü ildə frà Dieqo de' Karerinin hazırladığı əsas mehrabın bir hissəsi, eyni sənətkara aid çarmıx və XVIII əsrin mühüm sənət əsərləri vardır. Mələklər Müqəddəs Məryəm kilsəsi və ona bitişik Kiçik Qardaşlar monastırı barokko üslubunda inşa edilmişdir.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Badolato əsasən ixrac edilən zeytun yağı və şərab istehsalı ilə tanınır. Təsərrüfatlarda taxıl və meyvə də yetişdirilir. Burada mal-qara, qoyun və keçi yetişdirilməsi, eləcə də süd məhsullarının emalı ilə məşğul olan çoxsaylı müəssisələr fəaliyyət göstərir. Yaxın keçmişədək bəzi ailələr yun və ipəkdən yorğan və şərf hazırlamaq üçün əl dəzgahlarından istifadə edir, həmçinin skipidar istehsal edirdilər. Ərazidə zeytun yağı dəyirmanları və köynək istehsal edən fabriklər də fəaliyyət göstərir.

Son illərdə turizm getdikcə daha böyük əhəmiyyət qazanmışdır. Kənddəki evlərin bir hissəsi yüksək standartlara uyğun şəkildə ikinci yaşayış evləri kimi yenilənmiş və ya yenidən tikilmişdir. Badolato Superioredə yataq və səhər yeməyi xidmətləri göstərilir. Badolato Marinada isə mövcud otel və digər turizm obyektlərinə əlavə olaraq Danimarka bazarı üçün yeni ikinci yaşayış evləri kompleksi yaradılmışdır.

  1. ↑ "The World Gazetteer". 1 oktyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2014.
  2. ↑ "Calabria" (italyan). 16 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  3. ↑ Comune di Badolato, Storia del comune Arxiv surəti 22 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]