Eney
| Eney | |
|---|---|
| q.yun. Αἰνείας lat. Aenēās | |
| Eneyin Latsiyaya enməsi | |
| Yunanca adı | Αἰνείας |
| Latınca adı | Aenēās |
| Cinsi | kişi |
| Atası | Anxis |
| Anası | Afrodita |
| Arvadı | Kreus, Laviniya |
| Uşaqları | Askani |
| Digər mədəniyyətlərdə | Vidar[1] |
Eney (q.yun. Αἰνείας, lat. Aenēās) — qədim yunan mifologiyasında Troya müharibəsinin qəhrəmanlarından biri, Dardanlar kral nəslindən olan bir şəxsdir. Qədim Roma mifologiyasında isə o, Romanın qurucuları sayılan Romul və Remin əfsanəvi əcdadı kimi tanınır. Rəvayətlərə görə, Eney dağıdılmış Troya şəhərindən xilas olan troya sakinlərini İtaliyaya gətirmişdir.
Əfsanələrə əsasən, o, sevgi ilahəsi Veneranın oğludur. Eneyin sərgüzəştləri Vergilinin məşhur epik əsəri olan “Eneida” poemasının əsasını təşkil edir. Bu əsərdə Romanın ilahi iradə ilə yaranması göstərilir və eyni zamanda Oktavian Avqust onun “ilahi” övladlığa götürən atası Qay Yuli Sezar vasitəsilə təriflənir. Poemada həmçinin Roma ilə Karfagen arasındakı əbədi düşmənçiliyin səbəbləri və latin xalqının yaranması haqqında rəvayətlər də yer alır.
Eney kultu müasir İtaliya ərazisində ən qədim inanclardan biri hesab olunur. Qədim Romada o, xüsusilə patrisilər arasında məşhur idi; onlar özlərini Troya şəhərindən Eney ilə birlikdə gəlmiş tərəfdarların – “eneatlar”ın nəslindən hesab edirdilər.
Mənşəyi və erkən həyatı
[redaktə | vikimətni redaktə et]Eney Kiçik Asiyanın şimal-qərbində yaşamış dardan xalqının banisi sayılan Dardanın nəslindən idi. Dardanın nəvəsi Trosun üç oğlu olmuşdu: İl, Assarak və Qanimed. Assarakın nəvəsi Anxisi sevgi ilahəsi Venera görüb ona aşiq olur. Özünü Frigiya kralı Otreyin qızı kimi təqdim edərək, İda[2] dağının zirvəsində (Anxisin kifara çaldığı yerdə) onu yoldan çıxarır və daha sonra ilahi mənşəyini ona açıqlayır[3]. Homerin Afroditaya həsr olunmuş IV himnində deyilir ki, ilahə uşağa “Eney” adını verir (qədim yunan dilində bu söz “dəhşətli” mənasını verir), çünki o, ölümlü bir insandan hamilə qalmasının doğurduğu qorxunu dərk edirdi[4]. Bu izah Eney adının ən geniş yayılmış mənası hesab olunur[5]. Həmin himnə görə, Eney doğulduqdan sonra dağ nimfaları tərəfindən böyüdülmüş, beş yaşında isə atasına verilmiş və o da onu Troya şəhərinə apararaq orada yaşamışdır[6]. Qədim yunan “Kiprilər” poemasına görə, Eney troya ordusunun Spartaya yürüşündə iştirak etmiş, bu yürüş zamanı Paris Yelenanı qaçırmışdır[7].
Troya müharibəsi
[redaktə | vikimətni redaktə et]
Eney, Troya kralı Priamın və onun oğlu Hektorun qohumu olduğu üçün, Troya müharibəsi zamanı Aqamemnon rəhbərliyindəki yunan birləşmiş qüvvələrinə qarşı döyüşmüşdür. Psevdo-Apollodorun yazdığına görə, Eney troyalılara köməyə yalnız müharibənin onuncu ilində gəlmişdir[8].Döyüşlər zamanı tanrılar Eneyi iki dəfə qaçılmaz ölümdən xilas etmişdilər. Birinci dəfə sevgi ilahəsi Afrodita və tanrı Apollon onu yunan qəhrəmanı Diomedin[9] əlindən qorudular.İkinci dəfə Poseydon Eneyi döyüş meydanından çıxararaq Axillesin qəzəbindən xilas etdi[10][11]. Yunanlar hərbi hiylə işlədərək Troyanı ələ keçirdikdən sonra Eney şəhəri tərk etməyə müvəffəq oldu. O, sağ qalan troyalıların başçısı oldu və onlara yeni yurd axtarışında rəhbərlik etdi. Antik mənbələr Eneyin Troyadan necə xilas olması barədə müxtəlif rəvayətlər təqdim edir. Vergilinin yazdığına görə, şəhərdə hökm sürən qarışıqlıqdan istifadə edən Eney qoca atası Anxisi çiyinlərində, oğlu Yulu (Askani) isə yanında apararaq şəhərdən çıxdı. Lakin həyat yoldaşı Kreusa onlardan geri qaldı və alovlar içində qalan Troyada həlak oldu[12].Diodor Siciliyalı və Klavdi Elian isə hadisəni başqa cür nəql edirlər. Onların rəvayətinə görə, Eney bir qrup troyalı ilə birlikdə şəhərin bir hissəsini ələ keçirərək yunanlara qarşı uğurla müdafiə olunurdu.Sonradan yunanlar mühasirədə qalanlara daşıya bildikləri qədər əşyanı götürüb şəhəri tərk etməyə icazə verdilər. Digər döyüşçülər qiymətli əşyalarını götürdükləri halda, Eney çiyinlərində yalnız qoca atasını apardı. Onun bu nəcib davranışından təsirlənən yunanlar Eneyə şəhərə bir daha qayıdaraq istədiyi şeyi götürməsinə icazə verdilər. Eney geri dönüb ata-baba müqəddəs əşyalarını da çıxardı və bu hərəkəti yunanların ona olan hörmətini daha da artırdı.[13][14] [15][16]
Eneyin Sərgüzəştləri
[redaktə | vikimətni redaktə et]Eneyin sərgüzəştlərinin təsviri bir çox antik müəllifin əsərlərində göstərilmişdir.Onların arasında ən məşhuru Vergilinin "Eneida" poemasıdır.Bu əsər Oktavian Avqustun[17][18] hakimiyyəti dövründə yazılmış və erkən Roma imperiyasının rəsmi ideologiyasını əks etdirmişdir.Poemada Romanın yaranması tanrıların iradəsi ilə əvvəlcədən müəyyən edilmiş hadisə kimi göstərilir.Eyni zamanda, əsər Oktavian Avqustu tərənnüm edir, onun ilahiləşdirilmiş Yuli Sezarın övladlığa götürülmüş oğlu və siyasi varisi olduğunu vurğulayaraq, ilk Roma imperatorunun hakimiyyətinin ilahi mənşəyə malik olması ideyasını gücləndirir[19]. Troyadan xilas olduqdan sonra Eney sağ qalmış digər şəhər sakinlərini ətrafına toplayaraq iyirmi gəmi tikdirdi.Əvvəlcə o, Frakiya sahillərinə yan aldı və yerli hökmdar Polimnestordan sığınacaq tapacağına ümid etdi.Polimnestor sonuncu Troya hökmdarı Priamın kürəkəni idi.Troyalılar əvvəllər şahzadə Polidoru qızıl xəzinə ilə birlikdə onun yanına göndərmişdilər.Lakin Polimnestor Troya şəhərinin süqutu xəbərini aldıqdan sonra Polidorun öldürülməsi əmrini verdi və qızılı öz xəzinəsinə götürdü.Polimnestorun bu xəyanətindən xəbər tutan Eney Frakiya torpaqlarını tərk edərək yoluna davam etdi[20].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Cassell's Dictionary of Norse Myth & Legend (ing.). Cassell & Co. 2002. P. 381. 494 pp. ISBN 0-304-36385-5.
- ↑ Гесиод. Теогония. 1009—1010
- ↑ Циркин, 2000. səh. 184
- ↑ Гомеровы гимны. IV. 192—255
- ↑ Faulkner Andrew. The Homeric Hymn to Aphrodite: Introduction, Text, and Commentary. Oxford Classical Monographs. Оксфорд: Издательство Оксфордского университета. 2008. 257. ISBN 0199238049.
- ↑ Гомеровы гимны. IV. 256—280
- ↑ Киприи. Синопсис. Фрагмент Arxiv surəti 29 avqust 2020 tarixindən Wayback Machine saytında 1
- ↑ Псевдо-Аполлодор. Эпитома III. 34
- ↑ Гомер. Илиада. Песнь пятая. 311—442
- ↑ Гомер. Илиада. Песнь двадцатая. 260—324
- ↑ Louden Bruce. Aeneas in the Iliad: The One Just Man // 102nd Annual Meeting of the Classical Association of the Middle West and South (ingilis). Gainesville, Florida. — 2006. — 6—8 April. 2021-02-24 tarixində arxivləşdirilib.
- ↑ Вергилий. Энеида. Книга вторая
- ↑ "ИСТОРИЧЕСКАЯ БИБЛИОТЕКА" (rus). 17 sentyabr 2016 – 14 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2026.
- ↑ "ПЕСТРЫЕ РАССКАЗЫ" (rus). 11 fevral 2017 – 18 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2026.
- ↑ Циркин, 2000. səh. 189
- ↑ Нейхардт, 1990. səh. 518—519
- ↑ Тронский И. М. Вергилий // История античной литературы: учебник для вузов. Авторский учебник. М.: Юрайт. 2017. 376. ISBN 978-5-534-04848-3.
- ↑ Вергилий // Литературная энциклопедия. 2. Издательство коммунистической академии. 1929.
- ↑ Николай Петрович Обнорский. // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
- ↑ Циркин, 2000. səh. 189—190